Siyasi sürgün və radikal qayğının avtoritar cazibəsi haqqında
Bu elegiya aylarla davam edən siyasi möhnətin nəhayət susqunluqdan çıxmasının nəticəsidir. Elegiyalar ölənlərə yazılır, hüznlü və kədərli olur. Bu esse də klassik elegiyadan çox da fərqlənmir, amma kədər və qəzəbin birləşdiyi nöqtədə yazmaq “ölüyə ağlamaqdan” daha çox siyasi arxiv xarakteri daşayır. Bu elegiya Feminist Sülh Kollektivinədir.
O kollektiv ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsi dövründə və ondan sonra, müharibənin milli azadlıq və şərəf kimi qeyd olunduğu və ondan imtinanın səni vətən xaini edə biləcəyi bir vaxtda ərsəyə gəlmişdi. Onun yaradılmasında mən də daxil olmaqda 3 nəfər birbşa iştirak etmişdik. Dolayısı ilə isə bir neçə başqa dost və yoldaş da bizə dəstək olmuşdu. O dönəmədək isə, mən artıq illər idi ki, Azərbaycanda feminist, queer və anti-militarist təşkilatlanmanın, eləcə də ermənilər və azərbaycanlılar arasında sülh quruculuğu proseslərinin içərisində idim. 44 günlük müharibəsinin başlaması bütün bu sülh-quruculuğu söhbətinin BMT jarqonlarından kənarında heç bir nəsnə olmadığını bizə göstərdiyi bir vaxtda, əlacsızlıq və çarəsizlik fonunda didərgin olunmuş qadınlara və ailələrə kömək etmək üçün müharibə zonasına getmişdim. Müharibəni dayandırmaq və ya ona qarşı durmaq üçün nə gücümüz, nə də imkanımız olmadığı bu çarəsiz dövrdə yardım paylamaqla bir ağrıyan barmağa işədiyimizi düşünürdük. Bir tərəfdə uzaqdan atılan mərmilərin səsi, o biri tərəfdə Bakıdan göndərilən un kisələrinin və ikinci-əl paltar yardımını paylamağın ortasında birdən düşündüyümü xatırlayıram: bu avtoritar, kapitalist müharibəsinin xarabalıqlarını təmizləmək kifayətdir. Biz müdaxilə və müalicə etdikdə təkcə özümüzü yox, həm də bizi yaralayan sistemi müalicə etmiş olurduq. Artıq fərqli bir siyasətin vaxtı gəlmişdi.
Kollektivimizin arxasındakı mənim siyasi impulsum bu idi. Adında “feminist sülh” var idi, amma sadəcə liberal sülh quruculuğunu daha inklüziv etmək və ya qadınları mövcud milli barışıq sisteminə və ya BMT-nin lügətinə əlavə etmək məqsədi güdmürdü. O, məhz buna qarşı çıxırdı və əvəzində radikal müharibə əleyhinə siyasət yaradırdı. Feminizmimiz antimilitarizmdən və ya anti-kapitalizmdən ayrıla bilməzdi. Və bu o demək idi ki, gündəlik siyasəti avtoritar dövlət və qlobal kapitalın daha böyük strukturları və onun müharibə maşını ilə birbaşa əlaqələndirmək lazım idi. O vaxtdan bəri biz yalnız Azərbaycanın daxilində və onun haqqında deyil, həm də onun hüdudlarından kənarda düşünərək Ermənistan və bəzən Gürcüstandan olan yoldaşlarımızla birlikdə yazırdıq, tərcümə edirdik, etiraz edirdik, şəbəkələr qururduq və bəyanatlar verirdik. Biz bunu demək olar ki, heç bir infrastruktur olmadan və ödənişsiz əməklə edirdik. Başlayanda üç nəfər, sonra iki, sonra yenidən üç, daha sonra isə dörd nəfər olmuşduq. Biz Avropanın soyuq və solğun ölkələrə səpələnmiş vəziyyətdə həm öz başımıza çarə qılmaq, həm də siyasi öhtəliyimizi yerinə yetirmək üçün nələrsə edirdik. Yəni kollektivi diri saxlayan heç bir institusional maşın yox idi. Biz onu yaşadırdıq.
Lakin dövlət siyasətimizi söz müstəvisində qoymadı. Azərbaycanın 2023-cü ildə hücumları güclənib nəhayət Dağlıq Qarabağ üzərində nəzarəti tam ələ keçirdikcə, müharibə əleyhinə bəyanatlarımız getdikcə daha çox düşmən diqqətini cəlb edirdi. 2024-cü ilin noyabr ayında Tbilisidə COP29 ətrafında keçirilən etirazlar da daxil olmaqla, fəaliyyətlərimizdən sonra Azərbaycanın marionet mediası şəkillərimi böyük ekranlarda nümayiş etdirib məni milli xain kimi damğaladı. Etdikləri qarayaxma kampaniyası ilə kifayətlənməyib, məni müharibə-əleyhinə fəaliyyətlərinə görə həbs etdikləri araşdırmaçı Bəhruz Səmədovun həyat yoldaşı kimi təqdim edib hər bir halda, xainlik damğasını boynumuza zəncir kimi salmağa davam etdilər. Feminist Sülh Kollektivi vasitəsilə gördüyümüz işlərlə əlaqədar olaraq mən birbaşa və dəfələrlə ictimaiyyət qarşısında hədəfə alınmışdım. Mən təbii ki bu təqibləri hər hansı qəhrəmanlıq medalı kimi təqdim etmək istəmirəm. Sürgün əzabı çəkmək avtomatik olaraq heç kimi nə daha yaxşı inqilabçı və nə də əlbəttə ki, daha xoş yoldaş etmir. Lakin qurduğun platformanın parollarını keçmiş yoldaşların bir gecədə dəyişdirə bilsə də, siyasi təqiblər bir gecədə bitmir. Ona görə, bir neçə gün əvvəl Kollektivin adı dəyişib fəaliyyətləri başqa istiqamətə yönəldilməsi, məni artıq vadar edir ki, öz mövqeyimi paylaşım.
“Yorğun demokratlar” və boşluqdakı qəzəb
Fanon onilliklər əvvəl müstəmləkəyə məruz qalmış fərdlərin özlərini yenidən yaratmaq, azad olmaq və yenidən insan olmaq üçün zorakılıq və qəzəbə necə sığındığını, bunun necə önəmli olduğundan yazmışdı. Bu yay, Fanonu yenidən oxuduqda Sarterin ona yazdığı ön sözdə bir paraqraf sanki aylardır düşündüyüm suala cavab vermiş oldu:
“Əgər basdırılmış qəzəb özünə hədəf tapa bilmirsə, boşluğa düşür və məzlum məxluqun özünü viran edir. Özlərini azad etmək üçün, bu qəzəb o zaman bir-birini qırıb-çatmağa yönəlir. Fərqli tayfalar bir-birilərinin arasında savaşırlar, çünki əsl düşmənlə üzləşə bilmirlər. Kolonial siyasət də məhz buna hesablanıb və bu rəqabətləri daha da qızışdırır. Öz qardaşının boğazına bıçağı dirəyən adam düşünür ki, nəhayət nifrət etdiyi düşməni məhv edib və onu alçaldan vəziyyətdən nəyahət çıxıb” (Sartre 1961) .
Azərbaycanın kiçik vətəndaş cəmiyyətində və sosial hərəkatlar arenasında bu qarşıdurmalara, bıçağı öz yoldaşının boğazına dirəməyə tez-tez rask gəlirik. Buna səbələrdən biri məhz elə müstəmləkələşdirilmiş vəziyyətdə yaşadığımıza görədir. Azərbaycan hökuməti özünü müstəmləkəçi rejimlərdən heç də fərqli aparmır. İstifadə etdiyi taktikalar, psixoloji silahlar, illərdir birbaşa zorakılıqdan daha çox qorxu, şübhə və nəzarət texnikaları ilə sosial hərəkatları aktiv şəkildə dağıtmağa yönəlib. Və bizim bu cür zorakı sistemə qarşı olan mübarizəmiz də məhz dekolonizasiya hərəkatlarına bənzəyir. Lakin bu fonda siyasi sürgün də daxil olmaqla bütün siyasi məğlubiyyətlər özü ilə olduqca ağrılı bir qəzəb buraxır. O qəzəb də, böyüyüb özünə yer tapa bilmir. Ta ki, onu böyüdənə ya da ən yaxınındakına yönələnədək.
Bu yarımçıq analizi verməkdə məqsədim odur ki, səmimi şəkildə öz tərəfimdən baş verənləri bölüşüm. Yəni bu bölüşdüklərim Azərbaycan hökumətini çox da sevindirməsin, çünki baş-verənlər əslində aydınlığın gəlməsi deməkdir. Reallığı əzib-büzənlər ümidlərimizi tapdalamaqla məşğul olurlar. Amma qurduqları nəzarət qorxu sistemi reallığı nə qədər əzməyə çalışsa da həqiqət həmişə qalib gəlir və gələcək. Təbii ki, bəziləri bu tələlərə düşür və dərs götürmür. Amma müharibə dövründə necə bəzilərimiz bir- birimizi “ayıq” saxlamaqla və nevroz yaşamadan həyatı davam etməyə kömək olduğumuz kimi, bu ağır dövrdə də sayıqlığını və ayıqlığını itirməmək üçün yanımızda olanlar var və bu yazı həm də onlaradır.
Feminist Sülh Kollektivinə gəldikdə isə, 2025-2026-cı illərsə biz artıq çətinliklə nə yazıb, nə də yarada bilirdik. Görüşlərimiz köhnə məyusluqları təkrarlamağa, başqalarının siyasətini , ideologiyalarını müzakirə etməyə və kollektiv hərəkətə çevrilə bilməyən təkliflərimizi təhlil etməyə çevrilmişdi. İndi o anlara qayıdanda düşünmürəm ki, bu, motivasiyamızın və ya qabiliyyətimizin böhranı idi. Amma düşünürəm ki, daha maddi və daha dağıdıcı bir şeylər baş verirdi. Biz yorulmuşduq. Mən yorulmuşdum. Yoldaşlarımızın Azərbaycanda həbsə salınması, siyasi sürgün, sığınacaq, viza, sənədlər, iş tapmaq, özümüzün və bəzilərinin ailələrindəki təhlükəsizliksizliklə baş-başa qalmışdıq. Siyasi məğlubiyyətlərin toplanması nəinki yeni bir şey təsəvvür etmək, ümumilikdə təşkilatlanmaq qabiliyyətimizi yavaş-yavaş tükətmişdi.
Və ən əsası isə qəzəb içimizdə kifayət qədər yüklənmişdi və mənim üçün hələ də ordadır. Biz bu məqamda bütün bunları dərhal hər şeyi bir nəfərin boynuna atmadan ucadan deyə bilməli idik. İllərdir davam edən repressiyaların təsəvvür etmək, təşkilatlanmaq, etibar etmək və sadəcə birlikdə yaşamaq qabiliyyətimizə nə qədər təsir etdiyini açıq deməliydik. Heç olmasa bir dəfə özümüzün tənqid elədiyi kapitalist məhsuldarlığa olan vəsvəsəmizə və onun kollektivimiz daxilində olduqca istehzalı şəkildə təkrarlanmasına qarşı çıxa bilməliydik. Yorğunluğu bir qüsur kimi qəbul etməyi dayandırıb onu siyasi şərt kimi qəbul etməliydik. Bəlkə də hərəkatı xilas etmək üçün başqa bir manifest yazamağa, ad dəyişdirməyə və ya başqa bir böyük plana ehtiyacımız yox idi. Bəlkə də başımıza gələnlərə yas tutmaq, siyasi təxəyyül qabiliyyətimizi bərpa etmək və ilk növbədə niyə bir araya gəldiyimizə görə vaxta ehtiyacımız var idi. Sadəcə nəfəs ala, bəlkə də birlikdə nəfəs ala bilərdik. Görünür, hətta bunun üçün də siyasi fikir ayrılığı tələb olunurdu.
Bunun əvəzinə, yorğunluq sanki getdikcə böyüyüb ən qısa müddətdə fəth edilməli bir zirvə kimi qəbul edilmişdi. Mənə dəfələrlə xəbərdarlıq edildi ki, kollektivi “yavaşlatıram”, sanki üç yorğun sürgün olunmuş yoldaşla inqilabi siyasətin çiçəklənməsi arasında dayanan yeganə şey mənim uğursuz varlığım idi. Məntiq belə görünürdü ki, əgər mən sual verməyi dayandırsam, kənara çəkilsəm və ya sadəcə yoxa çıxsam, qalan üçü nəhayət təşkilati potensiallarını ortaya çıxara bilər: Azərbaycan sürgün icmasını birləşdirə, məsələn bir QHT yarada bilər və ehtimal ki, inqilablarını davam etdirərlər (QHT ilə?).
İndi, əgər bu siyasi qeyri-müəyyənlikdən çıxış yolu tapıb-tapmadığımızı düşünürsünüzsə, təəssüflə bildirmək istəyirəm ki, sınaqdan keçə bilmədik. Tam əksinə. Yol boyu təklif etdiyim, sorğuladığım və ya razılaşmadığım demək olar ki, hər şey problemə çevrildi, ta ki sonda problemin özünə çevrildim. Hər şeyi ləngidən biri üçün olduqca yüksək bir rütbəyə yüksəldim.
Yeddi ittiham və mənim cavablarım
Bu hekayəni danışmağa aylardır tərəddüd etmişəm, çünki onu danışmaq bir vaxtlar yaxınlığımızın qorunmasına layiq olduğuna inandığım anları ifşa etmək deməkdir. Amma deyəsən mən uzun müddət susqunluğumu həmrəyliklə səhv saldım. Keçmiş yoldaşlarımı ictimai hədəfə alınmaqdan qorumağın birlikdə qurduğumuz siyasi dünyanı qorumağın bir hissəsi olduğunu düşünürdüm. Bir hissədə hələ də o cür düşündüyüm üçün bu yazıda heç kimin adı çəkilmir və heç kimdən heç nə tələb etmirəm. Amma artıq susmaq istəmirəm. Susmaq heç də həmişə aktiv bir qayğıkeşlik deyil. Susmaq bəzən elə bizi incidən insanlar üçün gördüyümüz bitib-tükənməyən əməkdir. Və mən arıtq bu əməkdən imtina edirəm.
Mənə qarşı irəli sürülən ittihamları hər hansı bir “şəxslərarası münaqişə” dilinin altında basdırmaqdansa, adlarını çəkmək istəyirəm. Bu yazı stili Kollektivi izləyənlərə tanışdır. Vaxtıilə Azərbaycan hökuməti də eyni minvalla bizi hədəfə aldığı zaman ona olan cavabımızda hər bir ittihamı qeyd etmiş və ona cavab vermişdik. Bu gün də eynisini mən burada məhz mənə qarşı olan ittihamları və onların mənə verdiyi zərəri bölüşməklə həm arxivləşdirməyə, həm də oxşar zərərləri yaşamış, sosial hərəkatlarda xəyanətlə üzləşmiş yoldaşların səsi olmağa çalışacam. Yəni oxuyacağınız bu tarix olduqca subyektivdir və heç bir halda özümü günahsız elan etmək və ya adımı təmizləmək məqsədi daşımır.
1. “Etirazı ələ keçirdin, üzünü açdın və iyerarxiya yaratdın.”
Tbilisidə keçirilən COP29 etirazları zamanı, Azərbaycan rejiminin ətraf mühitin qorunması sahəsindəki möhtəşəm fəaliyyətinə qarşı çıxmaq üçün digər fəallarla və Qreta Tunberqlə birlikdə protest etdiyimiz zaman, özümüzü olduqca qəribə bir müzakirədə tapmışdıq: avtoritar bir dövlətə qarşı etiraz aksiyası zamanı ona qarşı çıxanların üzlərini ortaya çıxarmalıdırmı? Fikir ayrılığı real idi, və təhlükələr də eynən. Bəzi yoldaşlar israr edirdilər ki, hər kəs anonim qalsın, üzləri örtülü olsun. Mən iddia etdim ki, anonimlik və görünürlük bir-birilərinə qarşı dayanan inqilabi doktrinalar deyil, fərqli insanların öz şəraitlərinə uyğun olaraq edə bilməli olduqları taktiki seçimlərdir. Xüsusən də əgər biz dünyanın ən tanınan iqlim fəallarından birinin yanında dayanırdıqsa. Beynəlxalq və gürcü mətbuatın kameralarını Qreta Tunberqə yönəltmək üçün başqa bir səbəbə ehtiyacı yox idi. Məni narahat edən o idi ki, öz hökumətlərinin repressiyalarına etiraz edən azərbaycanlılar öz etirazlarının fonunda yox ola bilərdilər. İstəyirdim ki, aydın olsun ki, biz sadəcə beynəlxalq bir məşhurun müdaxiləsi üçün ekzotik siyasi mənzərə yaratmırıq. Biz orada öz tələblərimiz, öz repressiya tarixlərimiz və öz siyasi səslərimizlə idik. Mən heç kimdən üzünü göstərməsini, görünürlü olmasını tələb etmirdim. Sadəcə istəyirdim ki, görünmək istəyənlərə bunu etmək qadağan olmasın.
Sonunda əksəriyyət üzünün görünməməsinə razılaşdı. Protestin bir hissəsində mən və başqa bir fəal Azərbaycan müxalifət jurnalistləri ilə danışmaq üçün qısa müddətə üzümüzü açdıq. Bu görünürlük təbii ki, gözlədiyimiz kimi bizi- xüsusi ilə də ikimizi aktiv hədəfə çevirdi. Lakin bütün bunlara baxmayaq əsas problem, hökumətin bizə etdiyi cəzalara və şəratmalar yox, mənim, məhz mənim üzümü o qısa müddətdə açmağım oldu. Görünür, mən olduqca fövqəladə siyasi cinayət etmişdim. Sonradan mənə deyildi ki, diqqəti və protesti ələ keçirmiş, kollektiv taktikalarımızı sarsıtmış və üzümü göstərməklə güc toplamışdım. İnqilabın üzün görünməsindən bu qədər asılı olduğunu bilmirdim.
Əlbəttə ki, bu absurd iddiaların altında ciddi bir sual gizlənirdi. Görünürlük, xüsusən də siyasi hərəkatlar kiçik olduqda və avtoritar dövlətlər aktivistləri ifşa etməyə çalışanda işlərinə rahat yarayır. Mən bu riski rədd etmirdim və hələ də etmirəm. Lakin nə anonimlik, nə də görünürlük mahiyyətcə radikal deyil. Açıq üz diktatura qurmadığı kimi, örtülü üz də avtomatik olaraq üfüqi siyasət yaratmır. Və ən əsası, protest zamanı hər kəs məsuliyyətlərini qəbul edərək qoşulur. Biz bunu Azərbaycandakı etirazlardan yaxşı təcrübə olaraq toplamışdıq. Mənim keçmiş yoldaşlarım isə Azərbaycanda protest tərcübəsi olmadan başqa bir ölkədə Azərbaycan hökumətinə qaşı olan etirazlarında təbii ki ehtiyatlı olmağa çalışırdılar.
Etirazın özü də xaos içində idi və küçə etirazları təcrübəsi olmayan bir neçə fəalın bir neçə gün ərzində beynəlxalq siyasi müdaxilə təşkil etməyə cəhd etməsi qeyri-adi hal deyil. Bəzi yoldaşlar qalanlara xəbər vermədən protest bitməmişdən əvvəl ayrılmışdlar. Elə həmən gecə, protestdən sonra yenidən bir araya gələndə, protestdə bizi yarıda qoyan köhnə yoldaşlardan biri aqressiv şəkildə protesti ələ keçirməkdə məni ittiham etmişdi. Yadımdadır ki, etirazı yarı yolda qoymuş birisindən bu çox qəribə bir ittiham idi. Aylar sonra danışdıq, qucaqlaşdıq və mən axmaqcasına inandım ki, anlaşma əldə etmişik. Görünür, bütün bu hadisələr sadəcə gizli arxivə qoyulmuşdu və qüsurlu xarakterimə dair yeni dəlillər tələb olunduqda arxivdən çıxarıb başıma çırpılmağa hazır idi.
Ən qəribəsi isə o idi ki, etiraz zamanı üzünü göstərmək istəməyən yoldaş, sonradan onlayn olaraq dərc edilmiş Qreta Tunberqlə olan podkast söhbətdə könüllü olaraq iştirak etmişdi. Görünür ki, bu görünmə kifayət qədər çevik siyasi xarakter daşıyırdı. Bir kontekstdə bu, ictimai ünsiyyətin legitim bir hərəkəti idi; digərində isə şəxsi səlahiyyətlərin təhlükəli şəkildə sənə güc verməsi idi. Müxtəlif kontekstlərin fərqli risklər doğurduğunu qəbul etməyə tamamilə hazıram. İlk növbədə mənim arqumentim də məhz bu idi. Lakin bu fərqləri müzakirə etmək əvəzinə, biz nədənsə fəzilətli anonim inqilabçı ilə üzlü hakimiyyətə susamış dissident arasında mənəvi fərqə gəldik. Taktika ilə bağlı fikir ayrılığı olaraq qalmalı olan şey xarakter və ideoloji problemə çevrildi. Beləliklə, Azərbaycan hökuməti müxalifəti cinayət hesab etməklə məşğul olarkən, müxaliflərin müxalif görünmək üçün siyasi hüququ olub-olmadığını müzakirə edirdik.
2. “Üzünü açdığın üçün üçün başqaları əziyyət çəkdi.”
Etirazdan sonra Azərbaycan hökuməti çoxdan bildiyi bir işi davam etdirdi. Belə ki, dissidenti kifayət qədər cəzalandıra bilmədikdə, ailəni cəzalandırdı. Məni görünürlü olmaqda ittiham edən yoldaşın anası on illərdir işlədiyi yerdən işdən azad edildi. Rəsmi olaraq, guya bu, işçilərin ixtisarı idi. Lakin ailəyə deyilənə görə, onun işdən çıxarılması övladının siyasi fəaliyyəti ilə əlaqəli idi. Bu haqda burda yazmaq və yaza bilmək səbəbim həmim şəxsin özünün artıq ictimayi şəkildə bunu bəyan etməsidir.
Ailənin cəzəlanması təbii ki, olduqca ağrılı və yüklüdür. Bu cəzanın ağrısını, bəlkə də, hiss etdiyimdən daha çox başa düşürdüm. İllər əvvəl, Bakıdakı etirazlarda iştirakım ailəmlə münasibətlərimi demək olar ki sona gətirmişdi. Mən yəni artıq mühacirətdən çox əvvəl öyrənmişdim ki, avtoritar repressiyalar bütün həyatınızı darmadağın etmək üçün sizi həbs etməyə ehtiyac duymur. Bəzən o, sadəcə evinizə girir, sizinlə sevdiyiniz insanların arasında oturur və siyasi əqidənizin dözülməz qiyməti haqqında ağır söhbətlər edir. Mən artıq bu qiyməti ödəmişdim. Buna görə də nə dövlətin taktikasına təəccübləndim, nə də bu cəzanı görünməmiş bir şey kimi şərh etməyə meylli idim. Bu amma o demək deyil ki, nə yoldaşımın nə də onun anasının əzablarını heçə sayırdım . Bu o demək idi ki, mən onun hansı mexanizm vasitəsilə yaradıldığını bilirdim.
Məni getdikcə daha çox narahat edən şey isə, həmin mexanizmin məsuliyyətinin getdikcə dövlətdən mənə keçməsi idi. Etiraz zamanı üzümü açmaq qərarım qrupumuzun sonrakı fikir ayrılıqlarında yenidən ortaya çıxıb, sanki Azərbaycan hökumətinin repressiyaları düzgün inqilabi geyim qaydalarına əməl etməməyimin uğursuz nəticəsi kimi təqdim olunurdu. Rejim bizi siyasi fəaliyyətimizə görə hədəfə almışdı, amma nədənsə mən onun metodlarına görə cavab verməli olurdum. Bu məhşur bölmə taktikası, məhz elə dövlətin planına uyğun idi: dövlət bir aktivisti yaxşı, o birsini pis qələmə verir, birini daimi təqibdə saxlayıb, trol hücumları təşkil edir, o birsini isə sanki ortabab mövqədə olurmuş kimi bəzən himayə edir, bəzən isə ailəsi ilə cəzalandırır. Yenə deyirəm, dövlət cəzalandırır. Aktivistlər isə bir-birini təqib etməyə məcbur olurlar. Yəni artıq əlavə polis, DTX işçilərinə ehtiyac yoxdur. PSYOP, yəni psixoloji müharibə uğurla öz əməliyyatını yerinə yetirmiş oldu.
Mən görünürlüyü, o cümlədən də anonimliyi seçənlər üçün risklərin olduğunu inkar etmirəm. Bu risklər aktiv müzakirəyə və kollektiv məsuliyyətə layiqdir. Lakin siyasi qərarlarımızı araşdırmaqla avtoritar zorakılığa görə məsuliyyəti müqavimət göstərən adamın üzərinə qoymaq arasında dərin bir fərq var. Bir-birimizə dövlətin repressiyalarının müəllifləri kimi yanaşmağa başladığımız an, bu repressiyanın müqavimətin özünün intim münasibətlərinə keçməsinə icazə veririk. Və bəlkə də bu, avtoritarizmin ən uğurlu nailiyyətlərindən biridir. Həmrəyliyi içindən dağıtmaq.
3. “Sən qayğı göstərmirdin və digər münasibətlərə zərər verməyə çalışırdın.”
2025-ci ilin sonunda Berlindəki bir barda baş verən söhbət zamanı ideoloji olaraq eyni yerdə olmadığın birini sevmək mümkün olub-olmadığı sualı ortaya çıxdı. Mənim üçün mümkün olmadığını dedikdə, o biri yoldaş bunu təqzib edərək mümkün olduğunu bildirdi və buna misal olara kollektivimizin başqa bir üzvünü, onunla olan dostluğunu, lakin ideoloji ayrılığını misal gətirdi. Məni daha çox narahat edən şey öz kollektivimizin başqa bir üzvünün qrupumuzdan kənar insanlar qarşısında özünün ideologiyası və şəxsi zəiflikləri baxımından danışdığını eşitmək idi. Mən bu söhbətdən geri çəkildim. Sonradan bu geri çəkilməyim soyuqluq, daha dəqiq olaraq “laqeydlik” və “qayğısızlıq” kimi qiymətləndirildi, hətta daha sonra bu epizodu ifşa etdiyimdə digər münasibətləri pozmaq cəhdi kimi də qiymətləndirildi.
Həmin söhbətdən yadımda qalanları danışanda, ifadəm rədd edildi, yalan danışdığım boynuma qoyuldu və yoldaşları bir-birinə qarşı qaldırmaq üçün uydurma hərəkətlər etməkdə ittiham olundum. Orada olan digər insanlardan soruşmağı təklif etdim; həmin söhbətdə mənə rədd cavabı verildi. Sonradan şahidlərdən öyrəndim ki, onlara təkbətək müraciət edilib və dediklərimin mahiyyətini təsdiqləyiblər. Bütün bu təqzib və təhqir məni günlərlə düşündürürdü: məni “qayğısızlıqda”, “laqeyidlikdə”, “yalan danışmaqda”, “gücü əlində saxlamağa çalışmaqda” ittiham edənlər özləri bunu həyata keçirirdilər. Problemi adlandıran şəxsin problemə necə çevrilə biləcəyini çoxumuz yaxşı bilirik. Amma ilk dəfə idi ki, bunu hiss edirdim. Məni qayğısızlıqda ittiham edən yoldaşlar, özləri bütün sərhədləri keçmiş və qəddarlıqla şıltaq uşağın son sözü demək istəyi arasında var-gəl edirdilər. Qayğı əslində məhz bu qəddarlıqdan və son sözü demək fetişindən imtina olmalı idi. Hər şey bir yana, biz ikinci bir fetişin, qayğı fetişinin əsirinə çevrilmişdik (Farris 2025). Bu qayğı elə bir qüsursuz ideala çevrilmişdi ki, mənim bu qəribə epizodda canfəşanlıq etməməyim qayğısızlıq, sonra bu haqda danışmağım qəddarlıq kimi qiymətləndirsə də, hadisənin əsas qəhrəmanı, onun dedikləri, onun ittihamları mənzərədən yoxa çıxmışdı.
4. “Sən himayədar, manipulyativ, narsisist və zorakısan.”
Bu yerdə bildirim ki əsas eskalasiya məhz bu ilin yanvarında kollektivin ən yeni üzvünün, yəni 4cü üzvün, həm kollektivin adını, həm sülh dialoqu bəyənməməsi, əksinə solçu mühacir hərəkatına və mümkün olsa QHT-yə dönüşməsini təklif etməsi, və mənim buna etirazımdan sonra qrupda mesajla qrupdan ayrılacağını deməsi ilə başlamışdı. Və genişlənən fikir ayrılığından sonra digər iki nəfərlə də birlikdə məni başqalarını himayə etməkdə və maarifləndirməkdə, siyasi məkanı inhisara almaqda, kollektivi idarə etməkdə, münasibətləri manipulyasiya etməkdə və qayğısız olmaqda ittiham etməyə başladılar. Məni “zorakı”, “narsisist” və “liberal” kimi sözlərlə təhqir edən uzun bir mesajlar və ittihamlarla “yerimi göstərməyə” çalışdılar.
Təsisçi olmağın, platformanı və onun ideoloji əsasını qurmağım, yazıların çox hissəsini yazmağın, daha uzun etiraz təcrübəsinə sahib olmağın və ya görünən bir mövqe tutmağın qeyri-rəsmi güc verə biləcəyini inkar etmirəm. Ola bilsin ki, çox kəskin danışmışam, çox məsuliyyət götürmüşəm və ya başqalarının müdaxilə edə bilmədiyini hiss etdikdə bunu hiss etməmişəm. Bu kimi şeylər konkret olaraq tənqid oluna bilər və edilməlidir. Bəs mən dəqiq olaraq nəyi nəzarətdə saxlayırdım? Yeni üzvlərin qoşulmasını dəstəkləyirdim. Feminist sülh layihəsi üzərində müstəsna mülkiyyət iddiasında deyildim. Digər üzvlərdən fərqli olaraq, maddi olaraq nəzarətdə saxlaya və ya tanınma iddiası edə biləcəyim heç bir donor və ya oxşar təşkilatla birbaşa əlaqəm yox idi. Üstəlik bu mənim üçün ilk təcrübə deyildi. Əvvəllər də yaradılmasına iştirak etdiyim və çoxlu əmək qoyduğum qrup və kollektivlərdən zamanı gələndə halallıqla uzaqlaşmış və başqa siyasi hərəkata-qrupa keçid etmişdim.
Özünü struktursuz elan edən 3-4 nəfərdən ibarət bir kollektivdə bu qədər zərərlə qarşılaşacağım ağlıma gəlməzdi. Qeyri-rəsmi güc sadəcə diskursiv olaraq mən anarxistəm, radikalam deyib rədd etməklə yox olmur. O güc, dostluqlara, danışılmamış ittifaqlara, prosedurlar üzərində nəzarətə, arxivlər üzərində nəzarətə, maddi resurslarla əlaqəyə və hansı şəxsin hisslərinin kollektivin həqiqətini təşkil etdiyinə qərar vermək qabiliyyətinə keçir. Bir nəfərə qarşı üç səs çoxluğu sadəcə çoxluq olduğuna görə avtomatik olaraq həqiqət xarakteri daşımır. Əsas məsələ bu 4 nəfər arasında fikir ayrılıqları olanda kimin sözünün keçməsi, kimin yasının yas olması, kimin arxivləri açıb keçmişdən faktlar gətirməsi, kimin dediyin hər sözə polislik etməsindən keçir.
5. “Səhv şəxsin platformamıza daxil olmasına icazə verməklə səlahiyyətindən sui-istifadə etdin”
Digər bir ittiham veb saytımızda dərc olunmuş bir Talış fəalı üçün həmrəylik mətni ilə bağlı idi. Məni siyasətini millətçi hesab etdikləri birinə platformamızı açmaqda ittiham edirdilər. Əslində, bu ittihamı başladan yoldaş özü eyni zamanda ermənilərlə hər hansı bir siyasi iş görməyə marağı olmayan bir şəxs idi. Bu şəxs iddia edirdi ki, mən səlahiyyətimdən istifadə edərək, məhz guya dostum olduğu üçün, orada olmamalı olan həmin nəşrə yer vermişdim. Bu iddia hər mənada absurd idi. Çünki əvvəla bu yazı haqsız yerə həbsdə olan Talış fəlana dəstək yazısı idi və biz o həmrəylik pozisiyasından çıxış edirdik. İkincisi bunu yazan şəxs nə mənim yaxın dostum, nə də milliyətçi deyildi. Üçüncüsü isə yazının paylaşılmasına digər üzvlər də yaşıl işıq verib razılaşmışdılar. Yəni problem əgər redaksiya prosedurumuzun olmaması idisə, biz belə bir prosedur yarada bilərdik. Sadəcə məsələ bu deyildi. Məsələ hər kiçik bir problemi yaradıb onu mənə calamaq və bunun fonunda avtoritarlıq etdiyimi boynuma qoymaq istəyirdilər. Əslində isə etdikləri bölücülük siyasəti təkcə məni yox, icmada olan digər şəxsləri də damğalayıb özlərinin ideoloji purizmini sübüt eləməyə çalışmaq idi.
6. “Terapiyaya getmək fərdiyyətçi bir şeydir.”
Bəli, məni laqeyidlikdə, himayədarlıqda ittiham edən keçmiş yoldaşlarım həmçinin iddia edirdilər ki mənim, bəli, məhz mənim terapiyaya getməyim fərdiyyətçidi bir davranışdır. Mənə uzun-uzadı monoloqda terapiyanın necə bir liberal alət olduğunu öyrədən yoldaşım, həyatımın heç bir çətin məqamında mənim yanımda olmayan, mənimlə heç bir intimliyi paylaşmayan, heç bir dərdimə şərik olmamasına rəğmən mənə bu ağıllı məsləhəti verməkdən çəkinmirdi.
“Sürgün haqqında düşünmək qəribə dərəcədə cəlbedicidir, lakin onu yaşamaq dəhşətlidir. Bu, insanla doğma məkan, fərdlə onun əsl evi arasında zorla yaradılmış və heç vaxt sağalmayan bir uçurumdur; onun mahiyyətindəki kədərin öhdəsindən heç cür gəlmək mümkün deyil” yazırdı Edvard Səid (Said 1984). Həqiqətən də elə imiş. Sürgün insanı dəyişə, qorxularını dərinləşdirə, həyatın qeyri-müəyyənliklərə baş-başa qoya bilir. Biz hamımız bunu yaşayırdıq. Sadəcə fərqli sosial kapitallarla. Bəzilərinin ailəsi dəstək olur, bəzilərinin dostları eyni şəhərdə, hətta eyni məhlədə qalır. Bəziləri sənədlərini almaq üçün tamamilə tanımadıqları ucqar kənddə siyasi sığınacaq evlərində illərdir gözləyir. Bu çox zaman itirilmiş sosial kapitala görə heç düşünmədiyimiz proseslərdən, seçmədiyimiz dəstəklərdən keçə bilərik. Terapiya da mənim üçün bu dəstək idi. Bəzi terapiya metodlarının şəfaverici bir alətdən çox, insanları nəzarətdə saxlamağa yönəlik bir metod olmasını tarixdən bilirik. Lakin bu o demək deyil ki kollektiv azadlığa sadiqliyini sübut etmək üçün hər kəs şəxsi dəstəkdən imtina etməlidir. Və niyə məhz mənim terapiyaya getmək imkanımın olması hansına radikal siyasətə zidd olmalı idi? Məgər radikal qayğı məhz şəfa ala bilmək deyilmi?!
Bədənimizin istirahətə ehtiyacı var. İnsanların qidaya, təhlükəsizliyə, sevgiyə və bəzən peşəkar qayğıya ehtiyacı var. Heç bir hərəkat siyasətini mümkün edən insanları damğalayıb sonsuza qədər vicdanla yaşaya bilməz. Yəni məsələ terapiyanın hansına radikal gələcəyi əvəz edib-etməyəcəyi deyildi. Məsələ sabah mübarizə apara biləcəyin, çiyninə söykənə biləcəyin, qol-qola mübarizə apara biləcəyin bir insanın olub-olmayacağı idi.
7. “Davam etməyimizə və yenilənməyimizə mane olursan”
Əsas fikir ayrılığı kollektivin gələcəyi ilə bağlı idi. 3 nəfər Azərbaycan mühacirət icmasına yönəlmiş bir təşkilat qurmaq, potensial olaraq bir QHT yaratmaq və adımızı dəyişdirmək istəyirdi. İcazə verin, mövqeyimi spekulasiya olunmadan bildirim. Məni elə qələmə vermişdilər ki, sanki Feminist Sülh Kollektivi adını müqəddəs bir ad elan etmişəm və özümü onun daimi qəyyumu təyin etmişdim. Mən nə adın dəyişdirilməsinə qarşı idim, nə də onu qorumağa xüsusi sadiq idim. Problem heç vaxt adda deyildi. Əgər artıq birlikdə yaratmaq üçün enerji, etibar və ya siyasi təxəyyül tapa bilmirdiksə, yeni bir ad nəyi həll edirdi ki? Köhnənin həll olunmamış ziddiyyətlərindən başqa, bu möhtəşəm yeni başlanğıca nə gətirməyi planlaşdırırdıq? Adı dəyişdirə, bir QHT qeydiyyatdan keçirə (həqiqətənmi?) və radikal siyasətin yenidən doğulduğunu elan edə bilərdik. Amma yeni bir adla tükənmə yenə də tükənmədir. Və mən kollektiv böhranımızın bu cür dəyişikliklərlə həll edilə biləcəyinə əmin deyildim.
QHT-yə çevrilməyə qarşı etirazım isə birbaşa idi. Çünki peşəkar vətəndaş cəmiyyəti dairələrində kifayət qədər müşahidəm mənə deyirdi ki ,bu dəfə bizim yaradacağımız QHT-miz fərqli olacağı fantasiyasına məni inandıra bilməzdilər. Radikal, üfüqi, antikapitalist, bəlkə də hətta inqilabi olacaqmış. Biz varlıları soyacaq və təbii ki, bizi maliyyələşdirən qurumlardan tamamilə müstəqil qalacaqdıq. İnqilab maliyyələşdiriləcəkdi, amma heç vaxt güzəştə getməyəcəkdi. Necə də gözəl mirajdı, Lenin demiş, bir Allah bilir.
Bəs əslində nə təklif edirdik? Sürgündəki insanların əzablarını idarə etmək üçün başqa bir qurum? Siyasi mübarizəni donor diqqətinə çevirən, həmrəyliyi layihələrə çevirən öz-özünə təyin olunmuş nümayəndələr qrupu? Bəs bu həmrəyliyi kim alacaq? Kifayət qədər radikal, kifayət qədər razı, qayğımıza layiq hesab etdiyimiz insanlar? Siyasi uyğunluğu qiymətləndirən, tanınma paylayan, bəlkə də pul paylayan və kollektiv mənsubiyyətə kimin uyğun olduğunu müəyyən edən Azərbaycan sürgün icmasının inqilabi sosial təminat işçiləri olmaq üzrə idikmi? Dörd nəfər arasındakı fikir ayrılığını çətinliklə qəbul edə bilsək də, nədənsə bütün bir icma üçün həmrəylik təşkil etməyə hazır olduğumuzu təsəvvür edirdik. Görünür, hələ bir-birimizə tribunal olmadan qayğı göstərə bilmirdik, amma bəlkə də kifayət qədər institusional dəstək ilə nəhayət prosesi peşəkarlaşdıra bilərdik. Açığı deyim, çox təsirli plan idi.
Qayğı adı altında məhkəmə
Sonuncu görüşümüzdən əvvəl münaqişənin həlli üçün görüş keçirdik. Xatırladım ki bütün bu görüşlər onlayn şəkildə aparılırdı. Mən araşdırma işim üçün başqa ölkədə səfərdə işləyirdim. Görüş tarixi və vaxtı digər üç üzv tərəfindən müəyyən edilmişdi. Mənə deyildi ki, iştirak etməsəm, qərarlar mənsiz verilə bilər. Aramızda 3 saat vaxt fərqi və mənim əvvəlcədən başqa işimin olmasına baxmayaraq bu 3 yoldaş öz razılaşdıqları saat və gündə mənim iştirakımı tələb edirdilər. Mən də iştirak etdim. Təxminən beş saat ərzində COP29 taktikalarından və məqalə qərarlarından tutmuş terapiyaya qədər köhnə və yeni şikayətlər toplandı. Özümü nəyin pozulduğunu anlamaq üçün ortaq səydə bərabər iştirakçı deyil, mərkəzi cavabdeh kimi hiss edirdim. Sanki mən ortaya qoyulmuşdum və indi etdiyim hər şeyə, dediyim hər sözə görə cavab verməliydim.
Orada ifadə edilən hər bir şikayətin uydurulduğunu, hər bir incikliyin xəyali olduğunu və ya başqalarına zərər verə bilmədiyimi iddia etməyəcəyəm. Bunu deyəsdim, tənqid etməyə çalışdığım eyni mənəvi mütləqiyyəti təkrarlamış olardım. Yoldaşların gözündə mən problemə çevrilmişdim və bu fermentasiya olmuş məkanda qəddarlıq və siyasi performativlikdən başqa heç nə qalmamışdı. “Qayğısızlq” ittihamı ilə başlayan bütün bu eskalasiya əslində qayğının necə silaha çevrildiyini, qarşılıqlı tənqid və fərdi muxtariyyət arasında incə xətlərin necə tez aşıldığını, qayğı göstərməyi qəddarlıqla, nəzarətlə, polislik etməklə eyniləşdirildiyini göstərdi.
Biz o görüş zamanı bir-birimizdən üzr istədik, amma bu üzrxaqlıqlar demək olar ki, inzibati xarakter daşıyırdı. Etibar yoxa çıxmışdı. Mənim 5 saatlıq məhkəməmdən sonra bu möhtərəm 3 hakim yoldaş çox ara vermədən yenə növbəti görüş keçirməyin zərurətini və kollektivin gələcəyi haqda qərar verməli olduğumuzu bildirdilər. Və bu növbəti görüş başlayan kimi məndən açıq şəkildə birlikdə işləməyə davam etmək istəyib-istəmədiyimi deməyim istənildi. Mən gələcəyimiz haqda qərar verməzdən əvvəl şəxsən görüşməyimizi xahiş etdim. Mənə şəxsən görüşün mümkün olmadığı deyildi. Bu vaxt digər 3 yoldaşın mənim iştirakım olmadan şəxsən görüşməyi planlaşdırdığını bilirdim. Bəlkə də bu görüş üçün səbəbləri var idi. Amma mənim üçün hər şeydən sonra ziddiyyət dözülməz idi. Dörd nəfər kimi birlikdə oturmaq üçün çox yorğun idik, amma görünür, üç nəfər kimi birlikdə oturmaq üçün çox yorğun deyildik. Elə həmin görüşdə, məhz həmin dözülməz ziddəyətlərlə artıq davam edə bilməyəcimi bildirdim.
1 mart 2026- cı ildə Kollektivdən ayrıldım. Sonra isə günlərlə və aylarla düşündüm, kədərləndim, qəzəbləndim. Çünki kollektivin sonu təkcə siyasi ayrılıq deyildi. Bu, bir vaxtlar etibar etdiyimiz insanlarla ədalətsizliklərə müqavimət göstərmək və nəticədə birlikdə yaşamaq üçün paylaşdığınız bir ümidin, siyasi dilin və təcrübələrin itirilməsi demək idi. Sizə sağ qalmağa və müqavimət göstərməyə kömək edənlərin, eyni zamanda sağ qalmağınız və müqavimət göstərməyiniz üçün məsafəyə ehtiyac duyduğunuz insanlara çevrilə biləcəyini kəşf etmək qəribə bir kədərdir.
Arxiv və davamlılıq siyasəti
Mən kollektivi tərk etdikdən qısa müddət sonra, sözün əsl mənasında 2 saat ərzində kollektivin sosial media hesablarına, email və veb saytına girişi itirdim. Mən həmin infrastrukturun qurulmasına, o cümlədən məzmununun əhəmiyyətli bir hissəsinin yazılmasına illərdir ödənişsiz əmək sərf etmişdim. İllərin siyasi əməyi orada qaldı, amma artıq öz yaratdığım platformalara müdaxilə edə bilmirdim. Sual meydana çıxır: kollektivi dəstəkləyən münasibətlər dağılanda onun tarixinə kim sahib olur? Kim qalır? Şifrələri kim saxlayır? Adını kim dəyişir?
Bir neçə gün əvvəl qalan üzvlər, görünür, “köklər” mənasını verən yeni bir təşəbbüs olan Rişe kollektivini yaradıblar. Amma bunu məhz Feminist Sülh Kollektivinin davamı kimi qələmə verib, Feminist Sülh Kollektivin adını hər yerdə dəyişiblər. Bir sözlə iddia edirlər ki, Azərbaycan sol mühacir icmasına çevrilmələri əvvəlki layihənin davamıdır. Əlbəttə ki, onların başqa bir kollektiv yaratmaq, başqa bir ad seçmək və mənim davam etdirmək istəmədiyim siyasi işlə məşğul olmaq üçün tam hüquqları var. Onların təşkilatlanmasına mane olmaq istəmirəm. Lakin siyasi davamlılıq İnstaqram hesabı və ya veb sayt üzərində texniki nəzarətlə elan edilə bilməz. Bu, əmək, ortaq qərarlar, repressiyalar, risklər və parçalanma tarixçəsini daşıyır. Məhz buna görə də, bu yeni yaradılan kollektiv Feminist Sülh Kollektivinin davamı heç bir halda ola bilməz.
Edvard Səid (1984) bu davamlılıq cazibəsinini hamıdan daha yaxşı anlayırdı:
“Çünki sürgün, millətçilikdən fərqli olaraq, mahiyyət etibarilə davamlılığı olmayan, kəsintili bir mövcudluq halıdır. Sürgündə olanlar öz köklərindən, torpaqlarından və keçmişlərindən qopublar. Onların, adətən, nə orduları, nə də dövlətləri olur, hərçənd çox vaxt bunların axtarışında olurlar. Buna görə də, sürgündəkilər öz dağılmış həyatlarını yenidən qurmağa təcili ehtiyac duyurlar; bunu da, adətən, özlərini hansısa zəfər çalmış ideologiyanın və ya yenidən bərpa olunmuş bir xalqın parçası kimi görməklə həyata keçirirlər. Əsas məsələ budur ki, sürgündəki insanın parça-parça olmuş tarixini yeni və bütöv bir hala gətirmək üçün nəzərdə tutulmuş bu cür zəfər ideologiyasından məhrum bir sürgün həyatı müasir dünyada demək olar ki, dözülməz və qeyri-mümkündür. Yəhudilərin, fələstinlilərin və ermənilərin taleyinə nəzər salın”.
Məhz buna görə də, onların seçdikləri yeni adda olduqca istehzalı bir məqam var. Köklər təkcə yeni həyatın böyüdüyü şeylər deyil. Onlar həm də kəsilmiş şeylərin xatirəsini daşıyırlar. Keçmişi başa çatdırmadan, mühacir edilənlər arasında yeni bir həmrəylik siyasəti qurmaq, zəhərlənmiş toxumla gələcəyi əkmək deməkdir. Bir platformanın adını bir gecədə dəyişə bilərsiniz. İnsanlar arasında baş verənləri dəyişdirə bilməzsiniz.
Xüsusilə başqa bir çox vacib bir məqam var. Azərbaycan hökumətinin məni ictimaiyyətə hədəf seçməsi Feminist Sülh Kollektivinin fəaliyyəti ilə birbaşa əlaqədar idi. Adım və üzüm ifşa olunub və mən bu ifşanın nəticələri ilə yaşamağa davam edirəm. Digər üzvlər başa düşülən səbəblərdən işimizin bəzi hissələrində anonim qalmağı seçmişdilər. Kollektiv daxilində risklərin fərqli hesablamalarına hörmətlə yanaşırdım. Lakin anonimlik bir şəxsin ictimaiyyətə açıqlanmasının digər insanların gələcək təşkilati legitimliyi üçün tükənməz bir mənbəyə çevrilməsi, eyni şəxsin isə qrup daxilində yumruq topu kimi qəbul edilməsi və sonradan kənarlaşdırılması demək deyil.
Bu səbəbdən açıq şəkildə bildirirəm:
Rişe və ya qalan üzvlər tərəfindən yaradılan yeni kollektivlə heç bir təşkilati əlaqəm, rolum və ya məsuliyyətim yoxdur . Mən onun adından danışmıram, o da mənim adımdan danışmır. Onun hazırkı və ya gələcək siyasi mövqelərinin, qərarlarının və hərəkətləri nin mənə aidiyyatı yoxdur.
Mühacirətə apardığımız avtoritarizm
Mən aylardır bir-birimizə bu şəkildə necə zərər verə bildiyimizi düşünürdüm. Mühacirət etimadı və mənsubiyyəti pozur. Bu zaman, adi münasibətlər fövqəladə tələblər doğura bilir. Məsələn, bəzi ağlına gəlməyəcək insan dərhal dost ola bilir, bəzi münasibətləri təcili və ya məcburiyyətdən qururuq. Bəzi insanlar dostlarımızı və ailəmizi əvəz edir. Və bu münasibətlər pozulduqda, zədə sadəcə şəxslərarası münasibətin pozulması yox, yaşamağın özünün sarsılması ilə başlayır.
Bir tərəfdən də hansısa avtoritar təqib bizi avtomatik olaraq həmrəy etmir. Nə də feminizm, anarxizm, marksizm və ya antiavtoritarizm bizə dominantlığa qarşı immunitet vermir. Biz sadəcə avtoritar hökumətə qarşı olduğumuz üçün avtoritar sosial münasibətləri sərhəddə qoymuruq. Bizdə öyrənilmiş şübhə, paranoya, mənəvi əminlik, tanınma uğrunda rəqabət və başqasının muxtariyyətinin bizim muxtariyyətimizi təhdid etməsindən qorxma vərdişləri var. Hətta özümüzü siyasi cəhətdən günahsız təsəvvür etdikdə belə, bu vərdişləri ən intensiv şəkildə təkrarlaya bilərik.
Əxlaqi tribunal da məhz siyasi uğursuzluq qarşısında olduqca sadə, həm də canayaxın bir metod olduğu üçün cəlbedicidir. Sarterin dediyi qardaşının boğazına dirədiyin bıcaq kimi. Dörd yorğun insanın sürgün şəraitində siyasi kollektivi saxlamaq qabiliyyətini itirdiyini etiraf etmək əvəzinə, bir nəfəri səbəbkar kimi göstərməsi məhz həmin təmizləməni vəd edir. Onu uzaqlaşdırın və hər şey yenidən başlaya bilər. Biz yenidən doğulacıq. Amma bəzən insanların özlərini qorumaq üçün siyasi təşkilatları tərk etməli olurlar. O zaman qayğıkeş siyasət, qəzəbli olduğumuzu, tükəndiyimizi, bir-birimizi incitdiyimizi və artıq birlikdə təşkilatlana bilməyəcəyimizi demək qabiliyyətinə ehtiyac duyur. Bizdən belə bir dürüstlük istəyərdim. Amma olmadı. Bunun əvəzinə, bir-birimizin ideoloji saflığının keşikçilərinə çevrilirdik, siyasi arqumentlərin olması lazım olan yerlərdə diaqnozlar qoyur, kədəri manipulyasiya, tərəddüdü isə təxribat kimi şərh etdik. Həmrəylikdən danışarkən fikir ayrılıqlarını getdikcə daha təhlükəli hala gətirirdik. Problem radikal lüğətin olmamasında deyildi. Biz bu dili çox yaxşı bilirdik. Problem onda idi ki, lüğət münasibətlərimizi dəyişdirməyə kömək etmədi.
Mən aylardır susmuşdum, çünki bu tarixlər intim və siyasi cəhətdən həssasdır və kiçik bir hərəkatın süqutunu qarşılıqlı qınaq tamaşasına çevirmək istəmirdim. Nə də insanlara ən pis anlarında hər şeyi bilirmiş kimi yanaşmağın qəddarlığını təkrarlamaq istəmirəm. Həm də hər şey məhz bu sonluğa endirilə bilməz. Mən birlikdə yaşadığımız və qurduğumuz bir çox həmrəylik anlarını xatırlayıram. İllərlə yazdığımız yazılar, ortaq riskləri və hissləri xatırlayıram. Bütün bunlar da real idi. Amma geriyə baxanda həmçinin mənə qarşı qurulan məhkəməni də xatırlayıram. Hər şeyi yavaşlatdığımı dediklərini xatırlayıram. Kollektivin hesablarına girişi itirdiyimi və indi də yeni yaradılan qrupun Feminist Sülh Kollektivinin davamı kimi təqdim olunduğunu da xatırlayıram.
Və mən Feminist Sülh Kollektivinin işinin siyasi nəticələrinin, sanki onun sözdə varislərinə razılıq vermişəmmiş kimi səssizcə irəli aparılmasına icazə verməyəcəyəm. Tarix nə təkcə qalanlara nə də gedənlərə məxsus deyil. O, onu yaradan və davam etdirən əməyə, risk götürən insanlara və geniş həmrəyliyə aiddir. Və bu tarix dürüstlüyə layiqdir, hər hansı qayğı fetişizminə yox. Qayğı dilindən istifadə edib cəza tətbiq etməklə cəza siyasətinin öhdəsindən gələ bilmərik. Torpağın altında qırılanlarla üzləşmədən yeni köklər yetişdirə bilmərik.
Mənim siyasətim Feminist Sülh Kollektivi ilə başlamayıb və bununla da bitmir. Əksinə mən bu 6 ildə çox şey öyrəndim və saxladığım yas, əl-ələ tutduğum qəzəb və ətrafımdakı ümidlə indi bilirəm ki, başqa bir yoldaşlıq mümkündür. Necə mübarizə aparmağı, necə sevməyi, necə fikir ayrılığı yaratmağı və bəzən necə susmağı və bir-birimizin nəfəs almasına imkan verməyi bilən bir yoldaşlıq. Çünki devirməli olduğumuz qəddar bir sistem var və əvvəlcə bir-birimizi devirmək üçün özümüzü yormaq olduqca utandırıcı olardı.
İstinadlar
- Farris, Sara R. 2025. ‘Towards a Critique of Care Fetishism: Social Reproduction Feminism and the Ethics of Care’. Feminist Theory, 14647001251376299.
- Said, Edward. 1984. ‘Reflections on Exile’. Transatlantic Literary Studies: A Reader, 285–90.
- Sartre, Jean-Paul. 1961. Preface to Frantz Fanon’s Wretched of the Earth. Na.